REKLAM ALANI

KHA HABERLER

ELMƏ, ƏMƏYƏ VƏ İNSANA VERİLƏN DƏYƏRİN GÖZƏL GÜNÜ



Dünən Xəzər Universitetinin möhtəşəm akt zalında keçirilən tədbir mənim üçün yalnız bir mükafat təqdimatı deyil, elmə, təhsilə, zəhmətə və insan əməyinə verilən yüksək dəyərin nümayişi kimi yadda qaldı.



Tədbirin əsas səbəbkarı  Dr. Elvin Hacıqulu oğlu Əhmədov uzun illərdir neft-qaz sənayesi, elm və təhsil sahələrində səmərəli fəaliyyət göstərən, elmi-pedaqoji fəaliyyəti ilə gənc mütəxəssislərin yetişməsinə töhfə verən alim və mütəxəssislərdəndir. Hazırda Xəzər Universitetində Departament müdiri, eyni zamanda SOCAR-da Yataqların qiymətləndirilməsi və karbohidrogen ehtiyatlarının idarə olunması istiqamətində rəhbər vəzifədə fəaliyyət göstərir. Onun tələbələr və gənc tədqiqatçılarla işi də bu fəaliyyətin mühüm istiqamətlərindəndir.


Elvin müəllimin elmi fəaliyyəti yalnız iş kabinetləri və elmi məqalələrlə məhdudlaşmır. O, tələbələrin, gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb olunmasına, beynəlxalq konfranslarda iştirakına və onların peşəkar inkişafına dəstək verən layihələrdə də fəal iştirak edib.


Tədbirin ən qürurverici məqamlarından biri də Dr. Elvin Əhmədovun Özbəkistanın “Yüksək Ehtiram” beynəlxalq mükafatına layiq görülməsi və bu mötəbər mükafatın təqdimatının mənə həvalə olunması idi. Bu mükafatın onun elmə, təhsilə və peşəsinə uzun illər ərzində verdiyi töhfələrin qiymətləndirilməsi kimi qəbul edilməsi olduqca əlamətdardır.


Bu mənzərədə məni xüsusilə duyğulandıran başqa bir məqam isə Elvin müəllimin anasının, gənc oğlunun, Xəzər Universitetində birlikdə çalışdığı tələbə və həmkarlarının, eləcə də SOCAR-dakı iş yoldaşlarının bu əlamətdar günə şahidlik etmək üçün tədbirdə iştirak etməsi idi.

Çünki insanın qazandığı uğurun arxasında yalnız onun öz zəhməti dayanmır. O uğurun içində ailənin sevgisi, ananın duası, müəllimlərin əməyi, həmkarların etimadı, tələbələrin sevgisi və illərlə qazanılmış hörmət dayanır.

Dünən bunu bir daha gördük.


Xəzər Universitetinin rektoru hörmətli Dr. Razia İsaeva, SOCAR-ın vitse-prezidenti hörmətli Dr. Arzu Cavadova, SOCAR-ın Departament rəisi Dr. Nazim Vəliyev, şöbə rəisi Rasim Vəliyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti Gültər Nəsibova, eləcə də universitet və SOCAR-ın çoxsaylı nümayəndələrinin iştirakı tədbirə xüsusi elmi və peşəkar məzmun qazandırdı.

Xüsusilə diqqətçəkən idi ki, zalda Elvin müəllimin SOCAR-dakı iş yoldaşları, Xəzər Universitetindəki həmkarları və tələbələri ilə yanaşı, onun ailəsi də vardı. Bu isə tədbirə rəsmi çərçivədən kənar, çox səmimi və insani bir ovqat gətirirdi.

Bir tərəfdə elm adamları, rəhbərlər və ziyalılar, digər tərəfdə isə bir ananın övladının uğuruna qürurla baxan gözləri və gənc nəslin nümayəndələri...

Əsl mükafat, məncə, məhz budur  insanın əməyinin həm peşəkar çevrəsində, həm də ailəsində və yetişdirdiyi gənclərdə öz əksini tapması.

Mənim üçün də bu tədbirdə iştirak etmək, belə bir mükafatın təqdimatını həyata keçirmək və bu əlamətdar anları paylaşmaq böyük qürur idi.

Dəyərli insanlar, elmə və əməyə verilən qiymət, gənclərə göstərilən diqqət və Azərbaycan elminin beynəlxalq səviyyədə təmsil olunması  bütün bunlar bizi daha böyük uğurlara inandırır.

Bu gözəl tədbirin təşkilində əməyi olan Xəzər Universitetinin rəhbərliyinə, Dr. Elvin Əhmədova, SOCAR-ın dəyərli nümayəndələrinə, alim və ziyalılarımıza, tədbirdə iştirak edən tələbələrə, həmkarlarına və ailə üzvlərinə təşəkkür edirəm.


Elvin müəllimə isə bir daha beynəlxalq mükafatı münasibətilə səmimi təbriklərimi çatdırıram.

Qoy elmə xidmət edən zəhmət, gec-tez, mütləq öz layiqli qiymətini alsın.

Elmə verilən dəyər  gələcəyə verilən dəyərdir.


       Hörmətlə:

Prezident mükafatçısı

"Kaya Haber" Ajansının Azərbaycan və Avrasiya nümayəndəsi

Yazıçı-Jurnalis

Sona Abbasəliqızı İsmayılova

Hiç yorum yok

hakaret içeren ve alâkasız yorumlar yayınlanmayacaktır. Hukuki sorumluluk yorum sahibine aittir.